942
24 Noyabr 2022

Ankarada PAŞA Həyat “İRS” Nəşriyyat evi ilə birgə ərsəyə gəlmiş kitablarını təqdim edib

21-23 noyabr tarixlərində Ankara Universiteti, Ankara Hacı Bayram Vəli Universiteti və Türkiyə Cümhuriyyəti Cumhurbaşkanlığının Milli Kitabxanasında PAŞA Həyat ilə İRS Nəşriyyat evinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə gələn “Salam, Azərbaycan!” və “Qarabağın Qara Kitabı” kitablarının türk dilində nəşrləri təqdim olunub.

Tədbirlərdə açılışdan sonra Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, PAŞA Həyat şirkətinin sədri Niyaz İsmayılov, İRS Nəşriyyat evinin baş redaktoru Musa Mərcanlı, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, digər rəsmilər və universitet rekrotları çıxış etmişlər. Qonaq qismində tədbirlərə Azərbaycanın Ankaradakı Səfirlik nümayəndələri, görkəmli ziyalılar, nüfuzlu rəsmilər, universitet rektorları, professor, müəllim və tələbə heyəti və digər qonaqlar da təşrif buyurmuşdular.

Qeyd edək ki, “Qarabağın Qara kitabı”nda Azərbaycanın ayrılmaz bir parçası olan Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində təbiətinə, yaşayış fonduna, əmlaklara, tarixi abidələrə, mədəniyyət nümunələrinə vurulmuş ziyan və onun həcmi barədə bəhs edilir, ”Salam, Azərbaycan!” kitabı isə ümumi Azərbaycan tarixi və mədəniyyətinə həsr olunub. Sözügedən kitablar “PAŞA Həyat” və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində ərsəyə gəlib.