13 dekabr 2022-ci il tarixində Azərbaycanda 2-ci dəfə İllik İnnovasiya Sammiti keçiriləcək.
“Bakı dünyaya səslənir!” şüarı ilə keçirilən tədbir PAŞA Holdinqin təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutacaq. “PAŞA Həyat” şirkəti sponsor qismində sözügedən sammitə dəstək olacaq.
Sammitin məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və bununla da regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.
Sammit zamanı ölkənin aparıcı şirkətlərinin nümayəndələrinin, dünyaca məşhur spikerlərin və yerli və xarici startapların iştirakı ilə təqdimatlar, panel müzakirələri, birtərəfli çıxışlar, startap təqdimatları, eləcə də “workshop”lar baş tutacaq. Sammitə öz sahəsində yeniliklərə imza atmaq, innovasiya ekosisteminin bir parçası olmaq və düzgün əlaqələr quraraq inkişafa keçmək istəyən hər kəs qatıla bilər. Tədbir barədə daha ətraflı məlumatı https://innovationsummit.az saytından əldə etmək olar.
Qeyd edək ki, bilet satışlarından əldə olunacaq gəlir regionlarda yaşayan və təhsil alan gənclərin, həmçinin region əhalisinin innovasiya və ümumi təşəbbüskarlıq mövzuları ilə əlaqəli sahələrin inkişafı üçün ayırılacaq.
“PAŞA Həyat” Azərbaycan bazarında daim innovativ həllərlə fərqlənən şirkət olaraq bu tədbirə dəstək olmaqdan qürur duyur.
Lider sığorta şirkəti - “PAŞA Həyat” 2010-ci ilin noyabr ayından fəaliyyət göstərir. 31 dekabr 2020-cu il tarixinə şirkətin nizamnamə kapitalı 40,250 mln. AZN təşkil etmişdir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələrin icbari sığortası”, “Yığım tərkibli yaşam sığortası” məhsullarını təklif edir.